17.04.2011

GİRİŞ

Kiçik bir uşağın  şən və şad rəftarları insanları qibtə etdirir. Çünki böyükləri üçün olduqca əhəmiyyətli olan, üzərində uzun  düşündükləri, ciddi qərarlar aldıqları, reaksiya verdikləri hadisələrin ona görə bir mənası yoxdur. Məsələn, nə iqtisadi böhranlar, nə təbii fəlakətlər, nə dünyada yaşanan müharibələr və nə də edilən zülmlər onun üçün bir şey ifadə etməz. Ətrafında olub keçənlərdən xəbərsiz halda acmaq, susamaq və oyuncağını itirmək kimi səbəblərin xaricində heç bir şeydən narahatlıq duymadan öz dünyasında yaşayar. Hüzurunu pozan bu səbəblər olmadığı müddətdə də şüursuzca yatmağa, oynamağa və gülməyə davam edər.
Lakin bir çox insanın (hər nə qədər ilk baxışda fərqinə varılmasa da) şüur baxımından bu kiçik uşaqdan çox fərqi yoxdur. Bu şüursuzluq Allahın və axirətin varlığı, özünün yaradılış məqsədi, ölümün mütləq reallaşan qəti bir həqiqət olduğu, öldükdən sonra hər etdiyinin hesabının Allaha mütləq verəcəyi kimi ən əhəmiyyətli həqiqətlərin qavranmasında yaşanır. İnsanların böyük əksəriyyəti Allahın açıq ayələrindən, əmr və qadağalarından xəbərsiz bir şəkildə yalnız öz istək və arzuları yönündə yaşayırlar. Bu insanların dünya nemətlərinə sahib olmaq, xoşbəxt olmaq, əylənmək, nəfsani arzularını təmin etmək xaricində başqa bir istəkləri yoxdur. Yalnız dünyanın cazibədar bəzəyinə maraq duyar və istədikləri şeylərə sahib olmaq üçün həyatı boyunca səy göstərərlər. Ən böyük çətinliyi isə bu səylərinin boşa çıxması və yaxud əllərindəkini itirmələri nəticəsində yaşayarlar.
Halbuki yalnız qısa bir müddət yaşadıqları dünya həyatı hər şeyi ilə bir gün sona çatacaq. Onlar isə özləri və Allahın rizasından uzaq həyat sürən digər insanlar üçün hazırlanmış  şiddətli və əbədi əzabdan xəbərsizdirlər. Böyük qorxu və çətinlik görəcəkləri axirət gününə doğru irəliləyərkən dünyanın keçici bəzəyinə həvəslə bağlanıb, yalnız dünyəvi maraqları itirmənin narahatlığını və kədərini duyarlar.
İnsanların Allahın açıq dəlillərinə, əmr və xəbərdarlıqlarına baxmayaraq göstərdikləri bu şüursuz, qeydsiz və maraqsız durumuna "qəflət" adı verilir.
Allah hər insan üçün vücudu da daxil olmaqla baxdığı hər yerdə Öz varlığını xatırladan müxtəlif gözəlliklər və nemətlər yaratmışdır. Həyatımızın hər anı, gözümüzü çevirdiyimiz hər yer saymaqla bitməyən yaradılış möcüzələri ilə bəzədilmişdir. Bu həqiqət Quranda belə bildirilir:
Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində, (Allahın hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır. (Bəqərə surəsi, 164)
Səhər qalxdığınız andan etibarən axşam təkrar yatana qədər etdiklərinizi, qarşılaşdığınız hadisələri və görünüşləri düşünün. Oyandığınızda və güzgüyə baxdığınızda uzun yuxudan sonra təkrar canlanan və sizin heç bir müdaxiləniz olmadan öz-özünə bütün funksiyalarını ara vermədən davam etdirən vücudunuzu görərsiniz. Tək bir hüceyrənin çoxalmasından meydana gələn, bu anda da təxminən 100 trilyon hüceyrədən ibarət olan simmetrik və estetik bir görünüşə sahib, siz heç fərqində deyilkən içində ard-arda yüzlərlə qüsursuz və qarışıq əməliyyatın meydana gəldiyi vücudunuz bir gün əvvəlki halı ilə qarşınızdadır.
Ancaq bir çox insan bu həqiqətlərin şüurunda olmadan hərəkət edər. Səhər qalxdığında aynaya baxarkən, ümumiyyətlə, üzünün ümumi görünüşü, baxımı və ya saçının forması xaricində başqa bir şeyi ağlına gətirməz. Zehnində, ümumiyyətlə, iş, məktəb və ya gün içində edəcəklərindən başqa bir düşüncə yoxdur. Halbuki əksəriyyətin diqqətindən qaçan həqiqət budur: Yeni başlayan bir günlə bütün insanlara Allaha yönəlmələri və ya Ona olan yaxınlıqlarını artırmaları üçün yeni bir fürsət əlavə verilmişdir. Bəlkə də bu fürsət  insana verilmiş son bir fürsətdir. Kim bilir, bəlkə də o gün dünyada keçirəcəyi son gündür. Çox təəssüf ki, insanların böyük əksəriyyəti özlərinə verilən bu fürsətin fərqinə varmırlar. Bu səbəblə də, ümumiyyətlə, zehinlərini Allahı deyil, özlərini və ya ətraflarındakı insanları razı salmağı düşünərək və bunun planlarını quraraq məşğul edərlər. Bu vəziyyəti bir örnəklə açıqlayaq:
Bir bilik yarışını düşünün. Yarışı qazanana  böyük miqdarda pul verilsin. Yarış əsnasında görəsən yarışçı necə davranar? Sualları dinləyib cavablarını düşünməyin yerinə ətrafına baxıb əylənər? Yoxsa sualı soruşan aparıcının paltarını, səs tonunu, saçını tənqid edər və ya sualın cavabını düşünməyin əvəzinə sabah nə edəcəyini, nə geyəcəyini düşünər?
Tam əksinə, bu adam çox diqqətlə aparıcını dinləyər, şüuru tam açıq olar. Məhdud vaxtını yaxşı qiymətləndirməyə çalışar. Cavabı tapmaq üçün diqqətini cəmləyər. Müvəffəqiyyətli ola bilmək üçün, şübhəsiz ki, mövzudan başqa heç bir şeylə maraqlanmaz. Əksinə, əlindəki fürsəti ən gözəl şəkildə qiymətləndirməyə çalışar. Amma söz mövzusu indi saydığımız şeylərdə mənasız davranışlara yol versə, yarışçının böyük bir çaşqınlıq, şüur qapalılığı və ağılsızlıq, qısa olaraq qəflət içində olduğunu düşünərik.
Lakin bir çoxları içində olduğu qəflət halı verdiyimiz bu nümunəyə görə, daha da ciddi ölçülərdədir. Bu qəflət halı insanların Allahın özlərini qulluq etmələri üçün yaratdığının şüurunda olmadan Allahın əmr və qadağalarından tamamilə uzaq bir həyat yaşamalarıdır.
Qəflət bütün insanları diqqətli olmadıqları və Allaha könüldən boyun əymədikləri müddətdə təhdid edici  böyük bir təhlükədir. Çünki qəflətdə olan və ya qəflətə süründürülən bir adam Quranda ifadə edilən bütün əmr və qadağalara səmimi bir şəkildə uymadığının, bundan başqa hər an qəflətə qapıla biləcəyinin, yaxud da düşünmədiyi müddətdə içində olduğu vəziyyətin fərqində ola bilməz. Dolayısı ilə, bu kitabı əlinə alan hər oxucu özünün də qəflətdə ola biləcəyini ehtimal edib oxumalı və özünü "müstəğni",  yəni bu gizli təhlükədən uzaqda və amanda görməməlidir. Çünki Rəbbimiz Quranda "Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. (Ələq surəsi 6-7)” buyurmuşdur. İnsan ancaq müstəğniyyətdən çəkindiyində Quran ayələrini rəhbər tutub öz vəziyyətini təhlil edər, qüsur və səhvlərini düzəldərək laqeyd yanaşdığı mövzuları düzəldər. Çünki insanın davamlı qəflət içində qalmasının və qəflətin dərinliyinin gün keçdikcə artmasının ən böyük səbəbi insanın özünü mükəmməl və qüsursuz görməsi, halından razı olmasıdır.
Bu kitabın məqsədi qəflətin Qurana görə tərifini vermək və insanları bu gizli təhlükəyə qarşı xəbərdar etməkdir. Eyni zamanda bir çox insanın şüursuzluqla və cahilliklə içinə düşdüyü qəflət halının fərqinə varmalarını təmin edib bu vəziyyətdən xilas olmalarına köməkçi olmaq və möminləri şeytanın bu gizli tələsinə qarşı hər an ayıq və diqqətli olmağa dəvət etməkdir.
 

Комментариев нет:

Отправить комментарий