17.04.2011

QƏFLƏTDƏ OLANLARIN XÜSUSİYYƏTLƏRİ

Qəflət içində Allahın və axirətin varlığını göz ardı edən insan dünyada müəyyən istək, arzu və həvəslərə yönəlmişdir; bunların arxasınca sanki ovsunlanmış kimi qaçar. Dünyada özünə görə təyin etdiyi mövqe, məqam, mal-mülk sahibi olmaq kimi məqsədlər üçün səy göstərər. Davamlı olaraq, qazandığı və ya qazanacağı pulla edə biləcəyi şeyləri düşünər, bunların xəyallarını qurar və bunlardan bəhs edər. Bunlarla o qədər məşğul olar ki, Allahın əmr və qadağalarını göz ardı edər, hətta ağlına belə gətirməz. Allahın elm və qüdrətini haqqı ilə qavraya bilmədiyi üçün də Onun əmr və qadağalarını yerinə yetirməz və Rəbbimizin sərhədlərini aşmaqda bir qorxu görməz.
Allahın xatırlanması axirətə inanmayanların vicdanlarının səsini yüksəldər və onlara qəflət içində olduqlarını xatırladar. Onlar isə Allaha qarşı məsuliyyəti xatırlamaq və bu məsuliyyətlərini yerinə yetirmək nəfslərinə zidd olduğuna görə, içində olduqları qəflətə möhkəm sarılmağı seçərlər. Bu səbəblə, Allah xatırlandığı zaman içlərində böyük bir sıxıntı duyarlar. Quranda "Allah tək olaraq anıldığı zaman axirətə inanmayanların qəlbləri nifrətlə dolar. Ondan başqaları yad edildiyi zaman isə onları dərhal sevinc bürüyər" (Zumər surəsi, 45) ayəsi ilə bu insanların vəziyyəti xəbər verilir.
İndi qəflət içindəki insanların ümumi xüsusiyyətlərini araşdıraq:
Allahı və axirəti xatırlamazlar, qəlbləri dünya həvəsi ilə doludur.
Quranda möminlərin əxlaqı təsvir edilərkən dünyadakı heç bir şeyin onları Allahı xatırlamaqdan və üzərlərinə fərz olan ibadətləri yerinə yetirməkdən saxlamadığı bildirilir:
    O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi  bir gündən qorxarlar.  (Nur surəsi, 37)
Bu ayədə bildirildiyi kimi, möminlər heç bir zaman arzularını şövq halına gətirib həvəslə onların arxasından qaçmaz, Allahı xatırlamaqdan və Onun əmrlərini yerinə yetirməkdən üz çevirməzlər.
Lakin möminlərin əksinə, qəflət içindəki insanların qəlbləri dünya malına sahib olmaq həvəsi ilə doludur. Bu həvəslə nə vəziyyətdə olursa-olsun, həmişə daha çoxunu qazanmaq və daha yaxşı yaşamaq üçün çalışarlar. Pul ilə güc və şəxsiyyət qazanıb xoşbəxt ola biləcəklərini düşünərlər. Əvvəl qazanmağa çalışar, sonra da qazandıqlarını yığmağa başlayarlar. Bu həvəslərini qanuni və məqbul göstərmək üçün də müxtəlif bəhanələr gətirərlər. Allahın rizası üçün qazanıb xərcləməkdən qaçan, yalnız dünyəvi arzularını təmin etməyi düşünərək malını yığan bu insanları gözləyən son Quranda belə xəbər verilir.
    O gün yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): “Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını, acısını) dadın!” - (deyiləcəkdir!) (Tövbə surəsi, 35)
    O kimsə ki, mal yığıb onu dönə-dönə sayar. Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır. Xeyr! O, mütləq Hütəməyə atılacaqdır! (Huməzə surəsi, 2-4)
Mal və mülk həvəsi səbəbi ilə özünü gözləyən bu sondan qafil olan insanın beynini pul qazanmaq və xərcləmək tamahı davamlı məşğul edər. Pul qazanırsa, pulu ilə əldə edə biləcəklərini düşünər; əgər qazana bilmirsə, qibtə ilə arzuladığı şeylərə sahib olmanın yollarını axtarar. Bu düşüncələrinin səbəb olduğu qəflət onun Allahı anmağına, beş vaxt namazını qılmasına, zəkatı verməsinə mane olar. Halbuki qəlbi yalnız Allahın rizasını qazanmaq arzusu ilə dolu bir mömin qazandığı pulu, əldə etdiyi mal və mülkü yalnız Allahın verdiyini və bütün bunları Onun rizasını qazanmaq üçün xərcləməyin lazım olduğunu heç vaxt unutmaz. Yalnız Allahın rizasını və rəhmətini düşünüb dinə kömək etmək məqsədi ilə çalışar. Bu vəziyyətdə möminin səmimi bir səyin xaricində həvəs və tamaha qapılması söz mövzusu deyil. Bu vəziyyəti isə günün hər saatında Allahı anmasına, Ona yönəlib dua etməsinə və hər şeyin Rəbbimizdən gəldiyini bilərək sahib olduqlarının hamısını ancaq bir şükr və zikr vəsiləsi olaraq görməsinə səbəb olar.
Böyük mülk sahibi olduğu halda malını bir tamah və əyləncə mövzusu etməyən, onu bir şükr və zikr vəsiləsi kimi görən hz Süleymanın bu nümunə mövqeyi Quranda insanlara belə bildirilir:
    Axşamüstü ona cins, çapar atlar göstərildiyi zaman o dedi: “Mən gözəlliyi Rəbbimin zikrindən dolayı sevirəm. Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb olub gizləndi.  (Sad surəsi, 31-32)
Allah hz Süleymana o zamana qədər kimsəyə vermədiyi bir güc və iqtidar vermişdir. Süleyman Peyğəmbər də bu imkanlarını Allahın şanını ucaltmaq, Onun dinini və din əxlaqının izzət və şərəfini yaymaq üçün istifadə etmişdir. Həmişə mal və mülkün həqiqi sahibi olan Allaha şükr etmişdir.
Qəflət içində Allahın rizasından üz çevirib zənginlik, mövqe və ya şöhrətin xoşbəxtlik və hüzur gətirəcəyini düşünənlər belə söhbətlərin edildiyi mühitlərdən də böyük bir nəfsani zövq alarlar. Özünü tərifləmə, başqalarını tənqid etmə kimi mövzular üzərində danışar, mənasız və faydasız danışıqların yer ladığı televiziya proqramlarını saatlarla izləyərlər. Heç bir nəticəsi olmayan, heç bir fayda verməyən bu söhbətləri böyük bir zövqlə dinləyərkən Quranı dinləməkdən xoşlanmazlar, hətta dinləməyə səbrləri belə çatmaz. Qəflət içindəki bu insanların vəziyyəti bir ayədə belə xəbər verilir:
    O kəslər ki, gözləri Məni anmaqdan qapalı (pərdəli) idi və eşitməyə də qadir deyildilər.  (Onlar Quranın ülviyyətini, Mənim ayələrimi, qüdrətimə dəlalət edən əlamətləri görmür, öyüd-nəsihətlərimi də eşitmirdilər).  (Kəhf surəsi, 101)
    Halbuki möminin qəlbi dünya nemətlərinə sahib olmaqla və ya bu mövzudakı mənasız söhbətlərlə deyil, ancaq Allahı zikr etməklə, Quran oxumaqla və olduğu mühitdə Allahın anılması ilə hüzur tapar. Çünki Allahın "O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər  yalnız Allahı zikr etməklə aram tapar!" (Rəd surəsi, 28) ayəsində bildirdiyi kimi, qəlblər yalnız Allah anıldığında rahatlayıb hüzur tapar.
Ağılsızdırlar
Cahiliyyə cəmiyyətinə görə ağılsızlıq yalnız beyinləri qüsurlu olan və anormal davranışlar göstərən insanlar üçün etibarlıdır. Halbuki Qurana görə bu tərif daha fərqlidir. Qurana görə Allahı və axirət gününü tanımayan, Allahın rizasını deyil, öz həvəs və nəfsinin istəkləri yönündə yaşayan insanlar düşünə bilməyən kəslərdir. Bu tərifə görə düşünüldüyündə isə ağılsız insanların yalnız dəlixanadakı xəstələrdən ibarət olmadığı, cəmiyyətin olduqca geniş hissəsinin bu tərifin içində yer aldığı görünər.
Ağıl Allahın möminə verdiyi ən böyük nemətlərdən biridir. Ağıllı insan vicdanını sonadək istifadə edən, Allahın elm və qüdrətini lazım olduğu kimi təqdir edə bilən, Ona qarşı hörmət dolu bir qorxu duyan, Onun rizasını qazanmağa, özünü sonsuz əzabdan qorumağa çalışan və axirətdəki sonsuz nemətlərə qovuşmaq üçün səy göstərən insandır. Bu insanlar Allahın yaratdıqları üzərində dərindən düşünüb Allahın sonsuz gücünü və böyüklüyünü haqqı ilə təqdir edə bilən insanlardır, yəni möminlərdir. Bu qabiliyyətdən məhrum ağılsız insanların Quranda təsvir edildiyi ayə isə belədir:
Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri, eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar. (Həcc surəsi, 46)
Bu ağılsız insanların ən diqqəti cəlb edən xüsusiyyəti isə həvəslə bağlandıqları dünya həyatını axirətdən üstün tutmaqlarıdır. Halbuki Quranda Allah dünya həyatının həqiqi yönünü təsvir edərək bu mövzuda aldanana insanları düşünmələri üçün belə xəbərdar edir:
    Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz? (Ənam surəsi, 32)
Sizə verilən hər hansı bir şey ancaq bu fani dünyanın malı və bərbəzəyidir. Allah yanında olan (nemətlər) isə daha yaxşı və daha baqidir. Məgər ağıla gəlməzsiniz?! (Qəsəs surəsi, 60)
 Həqiqətən, sizə elə bir Kitab nazil etdik ki, o sizdən ötrü bir şərəfdir. Məgər dərk etmirsinizmi? (Ənbiya surəsi, 10)
Allahın yer üzündə yaratdığı mükəmməl və nizamlı sistemləri, canlıları və ibrət olsun deyə yaratdığı şeyləri görə bilmək ancaq qəflətdən uzaq, ağlını işlədə bilən möminlərə xas bir xüsusiyyətdir. Şüuru açıq, ağıllı bir mömin ətrafında gördüklərini diqqətlə araşdırar və gördüklərinin üzərində dərin təfəkkür edər. Allah Quranda ağcaqanadı, bal arısını, hörümçəyi və yaratdığı bir çox canlını insanların düşünüb-daşınmaları üçün elminə, qüdrət və sənətinə nümunə göstərmişdir. Lakin etdikləri işlərdən sahib olduqları bir çox xüsusiyyətə qədər canlılardakı mükəmməllikləri görüb bunlarla Allahın gücünü və sənətini təqdir edə bilmək ancaq ağıl sahibi olan möminlərə xas olan xüsusiyyətdir. Qəflət içindəki ağılsız insanlar üçün isə bu canlılar hər gün ətraflarında görməyə alışdıqları sadə, sıravi varlıqlardır. Arını yalnız çiçəklərə qonan və ya  vızıltı ilə uçan bir heyvan kimi, ağcaqanadı da yalnız qan soran bir düşmən kimi görmək qəflət içində düşünə bilməyən insanlara aid olan xüsusiyyətdir. Bu insanların Allah qatındakı mövqeyi isə Quranda belə xəbər verilir:
Allah yanında (yer üzündə) gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır. (Ənfal surəsi, 22)
Qəflət içindəki insanların durumunda əhəmiyyətli olan digər bir nöqtə isə ağıl və ağılsızlıq arasında doğru bir seçim edə bilmədikləri üçün özlərini ağıllı, ağıllı insanları isə ağılsız zənn etmələridir. Qafillərin bu yanlış baxışı Quranda belə xəbər verilir:
Onlara: ”Başqaları iman gətirdikləri kimi siz də iman gətirin!” –deyildiyi zaman: “Biz də səfehlər kimi iman gətirək?” -deyə cavab verirlər. Agah olun ki, səfeh onların özləridir, lakin bilmirlər.  (Bəqərə surəsi, 13)
Doğru yolda olduqlarını zənn edirlər
Ümumi cəmiyyəti nümunə götürüb düşündüklərinin və etdiklərinin doğruluğuna özünü inandırmaq qəflət içindəki insanların ən diqqəti cəlb edən xüsusiyyətlərindəndir. Bu axmaq inanca sahib olan insanlar özlərinə görə heç kimə zərər verməzlər, qəlbləri yaxşılıqla doludur və bu səbəblə də sahib olduqlarına layiq olmuşlar. Belə düşünən insanların böyük bir yanılma içində olduqları, lakin bunun da şüurunda olmadıqları ayələrdə belə bildirilir:
 Məgər elə zənn edirlər ki, onlara verdiyimiz var-dövlət və övladla Biz onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar! (Muminun surəsi, 55-56)
Şüursuz bir şəkildə doğru yolda olduqlarını düşünərk şeytanın qəflət içində yaşayan insanlara Allahın əmr və qadağalarını yerinə yetirməyə mane olduğu Quranda belə bildirilmişdir:
(Şeytanlar) onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər! (Zuxruf surəsi, 37)
    Allah doğru yolda olduqlarını düşünənləri Quranda belə xəbərdar etmişdir:
... Rəbbin kimin daha doğru yolda olduğunu daha yaxşı bilir! (İsra surəsi, 84)
Bu cür insanların ibrət verici durumlarına Quranda bağ sahibləri olan iki nəfərin hekayəsi nümunə verilmişdir. İmanlı  insanla qəflət içindəki insan arasında keçən danışıq Quranda belə xəbər verilir:
Onlara iki adamı misal gətir. Onların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə əhatə etdik və aralarında əkin saldıq. O bağların hər ikisi öz barını verdi və bu bardan heç bir şey əskilmədi.  Biz də onların arasından bir irmaq axıtdıq. (Bu adamın) başqa sərvəti də var idi. O öz yoldaşı ilə söhbət edərkən ona dedi: “Mən səndən daha dövlətli və əşirətcə  səndən daha qüvvətliyəm!”  (Kəhf surəsi, 32-34)
O özünə zülm edərək bağına girib dedi: Nə vaxtsa yox olacağını güman etmirəm. Qiyamətin də qopacağını zənn etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam, özümə bundan da yaxşı bir məskən taparam!” (Kəhf surəsi, 35-36)
Onunla söhbət edən  yoldaşı isə belə dedi: “Əvvəlcə səni torpaqdan, sonra bir qətrə sudan  yaratmış, daha sonra səni adam şəklinə salmış Allahı inkarmı edirsən? Lakin  Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! Bağına girdiyin zaman barı: “Maşallah, qüvvət yalnız Allaha məxsusdur!” – deyəydin! Əgər məni özündən daha az mal-dövlət və övlad sahibi görürsənsə, ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin və sənin bağına göydən bir bəla endirsin ki, o, hamar bir yer olsun! Yaxud suyu çəkilib getsin və bir də onu əsla axtarıb tapa bilməyəsən!”  (Kəhf surəsi, 37-41)
Beləliklə, onun meyvəsi tələf edildi. Qoyduğu xərcə görə əllərini ovuşdurmağa başladı. Bağın talvarları yerə çöküb viran qalmışdı. O: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!” – deyirdi. Allahdan başqa ona yardım edə biləcək kəslər yox idi və o da (öz-özünə) kömək edə biləcək bir halda deyildi. Belə bir vəziyyətdə kömək göstərmək  ancaq haqq olan Allaha məxsusdur. Mükafat verməkdə də, aqibət qismət etməkdə də ən xeyirlisi Odur.  (Kəhf surəsi, 42-44)
Sahib olduğu malına və uşaqlarına aldanan, doğru yolda olduğunu zənn edən bağ sahibinin ifadələri onun içində olduğu qəfləti açıq şəkildə göstərir. Bütün qürur və cəhaləti ilə Allahın qüdrətini qavraya bilməyib ayədə xəbər verildiyi kimi, "Əgər Rəbbimin hüzuruna qaytarılsam, özümə bundan da yaxşı bir məskən taparam!" deyir. Bundan başqa, elə dərin bir qəflət içindədir ki, bağçasını özünün var etdiyini və sonsuza qədər qoruya biləcəyini güman edir. Bu aldanışın nəticəsində də qəflət içində etdiklərinə qarşılıq olaraq fəlakət özünə qəflətən gəlmişdir.
Qəflət içində olduğu halda doğru yolda olduğunu düşünən bəzi insanlar  Allahın rizasını düşünmədən adət-ənənələrindən gələn bir adəti davam etdirmək, özünü göstərmək və ya vicdanlarını rahatlatmaq üçün özlərinə görə bəzi yaxşılıqlar edirlər. Bu yaxşılıqlar isə mənfəətlərinə qətiyyən zidd olmayan işlərlə məhdudlaşır. Halbuki həqiqi məqsədi göstəriş və minnət olan belə işləri onlara axirətdə bir fayda verməyə bilər. Onlar isə Allahın rizasının əvəzinə insanların rizasını düşünüb etdikləri bu işlərin qarşılığının ola bilməyəcəyindən xəbərsizdirlər və doğru yolda olduqlarından əmindirlər.
Bu insanlar sahib olduqları malları və uşaqları ilə hər hansı bir çətinlik və ya sıxıntı ilə qarşılaşmadan yaşamalarını doğru yolda olduqlarının bir göstəricisi kimi görürlər. Halbuki, Allahdünyadakı imtahanın zərurəti kimi onlara dünyada vaxt verir, amma onların axirətdə bir payı yoxdur:
Kim dünyanı və onun bərbəzəyini istəyirsə, Biz ona əməllərinin əvəzini  elə orada  verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. Belələrini axirətdə atəşdən başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar! (Hud surəsi, 15-16)
İnsanların özlərini aldatdıqları bu halları ilə qəflət içində acı bir ölümə və əbədi bir əzaba doğru sürünməkdən başqa qazancları yoxdur:
Onların nə mal-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın. Allah bununla onlara ancaq dünyada əzab vermək və kafir olduqları halda, canlarının çıxmasını istər.  (Tövbə surəsi, 85)
   Hadisələrə olduqca çox reaksiya verirlər, təvəkkülsüz və üsyankar davranırlar
Mömin hər hadisənin Allahın idarəsində olduğunu bilir. Hadisələr qarşısında təvəkküllü hərəkət edər. Heç bir hadisə qarşısında Qurana zidd  davranış göstərməz. Məsələn, çətin və sıxıntılı hadisələr qarşısında bunların Allahın imtahanı olduğunu düşünərək böyük səbr göstərər. Dolayısı ilə göstərdiyi səbr və təvəkkülün Allah qatında qarşılıq görə biləcəyinin sevincini yaşayar. İman etməyən insanların dərhal üsyankar bir davranış göstərəcəyi bir çox çətinliyi son dərəcə səbrli və təslimiyyətli qarşılayar. Çünki bunların hamısını özünə verən Allahdır və Allah verdiklərindən azaltmaqla insanları sınayacağını Quranda belə bildirir:
Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik.  Səbr edən şəxslərə müjdə ver! (Bəqərə surəsi, 155)
Mömin Allahın bu müjdəsini çətin hadisələr qarşısında xatırlayıb səbrdə daha qərarlı və istəkli olar. Bundan başqa özünə verilən mal, mülk, mövqe kimi nemətlərin ona sınanması üçün verildiyinin, qarşılığında isə şükr etməsinin və bunları Allahın rizası və istəkləri yönündə istifadə etməsinin lazım olduğunu düşünər. Allah qullarını hər cür hadisə ilə yoxlayacağını Quranda belə bildirir:
Hər bir kəs  ölümü dadacaqdır. Yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə imtahana çəkərik. Və siz ancaq Bizim hüzurumuza qaytarılacaqsınız! (Ənbiya surəsi, 35)
Qəflət içindəki insan isə bu həqiqətlərdən xəbərsizdir, yaxud bildiyi halda üz çevirmişdir. Dolayısı ilə, qarşılaşdığı hadisələr qarşısında göstərdiyi reaksiya möminlərdən çox fərqlidir.
Məsələn, mallarının itməsinin Allahın bir sınağı olduğunu bilən möminlər bunu təvəkküllə qarşılayar. Halbuki, bu vəziyyət qəflət içindəki insanlarda həm maddi, həm də mənəvi zərərə səbəb olar. İtirdikləri şeylər nəticəsində əhvalları pozular, bu mənəvi pozuntu daha da böyüyüb onları  əsəbiləşdirər və ruhi sağlamlığını aparar. Çevrələrindən xaric edilmələri, sahib olduqları təmtərağa vida etmələri vəziyyətlərini daha da pisləşdirər və bəzən onları intihara qədər aparar.
Göründüyü kimi, qəflət içindəki insanlar gündəlik həyatlarında təvəkkülsüz, üsyankar və Allahın rizasından uzaq bir həyat yaşayarlar.
 

Комментариев нет:

Отправить комментарий