28.05.2011

Allahın verdiyi fürsətləri dəyərləndirmək

Allah varlığını xatırlamaları və Özünə yönəlmələri üçün insanlara müxtəlif şərtlər və mühitlər verər. Sıxıntı və çətinliklər də bunlardandır. Quranda bir ayədə "Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar" (Tövbə surəsi, 126) şəklində buyurulur. Bu çətin anlar insanların qəflətdə olduqlarını onlara göstərən böyük bir fürsətdir. Çünki Allaha üsyankar olan nəfs belə anlarda acizliyini anlayar. Bu vəziyyətdə vicdanı ön plana çıxan insan səhvlərini görər və onlardan çəkinməyin yollarını axtarar. Bu, insana verilən böyük bir fürsətdir
. Nəfsin acizlik içində səssiz qaldığı bu anlarda insan özünü Allaha daha yaxın hiss edər. O anda səmimi bir yaxınlıqla Allaha yönələr. Belə vaxtlarda Allahın qüdrətinin hər şeyə çatdığını, hər şeyin Allahdan gəldiyini, bu bəla və çətinliklərin də ancaq Onun diləməsi ilə sona çatacağını başa düşər. Bu durum tövbə edib Allaha yönəlmək üçün bir fürsətdir. Allah Quranda bu səmimiyyətə qovuşan insanı belə xəbər verir:
    Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə siqdi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!” Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik.  (Yunus surəsi, 22-23)
Qəflət içindəki insan özünə Allahdan başqa kömək edən bir gücün olmadığını yalnız özünü çox çarəsiz hiss etdiyi zaman görə bilir. Ancaq çətinlik sona çatdıqdan sonra yenə Allahı unudub əvvəlki qəflətinə düşər. Bu vəziyyət Quranda belə ifadə edilmişdir:
    İnsana bir sıxıntı üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü Bizə heç dua etməmiş kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi.  (Yunus surəsi, 12)
Məsələn, bir təbii fəlakət insana özünün nə qədər aciz olduğunu, Allahın sonsuz elm və qüdrət sahibi olduğunu, hər şeyi əhatə etdiyini, hər an hər şeydən xəbərdar olduğunu xatırladar. İnsan Allahdan qorxmalı olduğunu, çünki Onun qüdrətinin hər şeyə çatdığını, hər an Allahın əzabı ilə qarşılaşa biləcəyini anlayar. Halbuki o insan əvvəl Allahın əmr və qadağalarını göz ardı etmiş və ya davamlı təxirə salmışdır. Qorxu içində olduğu anda adamın şüuru açılır və həqiqətləri görməyə başlayır. Belə fəlakətlər qəflət içindəki insanın həqiqətləri görməsinə vəsilə olur və  axirətini qurtaran böyük xatırladıcı vəzifəsini daşıyır. Lakin xəbərdarlıqlardan və bəlalardan lazımi dərsi almayan və səmimi iman etməyən insan bir az rahatlığa çatdığında təkrar qəflətə düşür. İnsan yenə keçici olan dünyaya bağlanıb Allahın varlığını, əmr və qadağalarını göz ardı edər və ya unudar. Qəflətdən xilas olmaq üçün insan özünə verilən bu fürsətləri qiymətləndirməlidir. Yaşadığı çətinlikləri, daha sonra Allahın ona verdiyi rahatlığı tez-tez düşünüb dərhal Rəbbimizə yönəlməlidir.
Bu cür hadisələrin Allahdan bir xəbərdarlıq ola biləcəyi və bunun  böyük bir nemət olduğu ağıldan çıxarılmamalıdır. Allah bu şəkildə sonsuz qüdrətini göstərib insanın qəflətdən uzaqlaşmasına bir yol açar. Ancaq insan qəflətdən xilas olmaq üçün çətin bir duruma düşməsini gözləməməlidir. Çünki Allah insanı hər an ətrafında meydana gələn hadisələrlə xəbərdar edir. Məsələn, yaxınlarının, çevrəsindəkilərinin yaşadığı sıxıntılı bir hadisə ilə, başqa bir şəhərdə və ya ölkədə yaşanan təbii fəlakətlərlə, yaxud da müharibələrlə insanlar xəbərdar edilir. Bu xəbərdarlıqlara diqqət edən insan eyni hadisənin öz başına gələ biləcəyini, Allahın üstün gücü qarşısında insanların nə qədər aciz və çarəsiz olduqlarını düşünər. Bu da qəflətdən xilas olub Allaha yönəlməsinə səbəb olar. Necə ki, Quranda Ad qövmünün həlak edilməsindən bəhs edilərək insanlar belə xəbərdar edilir:

    Ad (qövmü) isə uğultulu, çox  siddətli bir küləklə tar-mar oldu. Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.  (Haqqə surəsi, 6-7)
Quranda verilən həlak və əzab nümunələri ilə insanların başqalarının başlarına gələn bəlalardan ibrət götürüb Allahın sonsuz elm və qüdrəti üzərində düşünmələri istənilir. Allahın gücünü insanlara xatırladan bir çox nümunə gündəlik həyatda davamlı insanların qarşısına çıxır. Lakin insanlar çarəsiz duruma düşənlərin vəziyyətlərini yalnız kədərlə qarşılayıb onlara acımaqla kifayətlənirlər. Gördüklərinin eyni zamanda özlərinə bir xəbərdarlıq olduğunun fərqində olmazlar. Halbuki insanların acizliklərini və çarəsizliklərini göstərən belə vəziyyətlərin hamısı insanlara qəflət pərdələrini götürmələri üçün edilən açıq bir xəbərdarlıq və verilən yeni bir fürsətdir. Bu fürsətləri dəyərləndirib Allaha yönəlmək insanın qəflətdən xilas olmasına kömək edər.

Комментариев нет:

Отправить комментарий