29.05.2011

Əsl yurdun axirət olduğunu bilmək

Əsl yurdun axirət olduğunu düşünməyən qəflət içindəki insanlar dünyada davamlı olaraq rahatlamaları üçün daha yaxşı yerlər və imkanlar axtararlar. Məsələn, az gəlirli, evi olmayan birisi həmişə kirayədən xilas olacağı günü düşünər. Bir evinin olması onun ən böyük idealıdır. Bu yolda çətinliyə girər, ömrünün böyük hissəsi ev və digər ehtiyacları üçün kredit ödəyərək keçər. Bir başqası bina evindən həyət evinə köçməyi, digəri isə geniş ərazisi olan bir malikanəyə sahib olmağı düşünər. Amma Allahın axirətdə vəd etdiyi cənnət mülklərinin varlığına inanmadığı və ya bu ehtimalı çox uzaq gördüyü üçün bunlara çatmaq üçün ən kiçik bir səy belə göstərməz. Halbuki möminlər cənnətə və oradakı nemətlərə qovuşmaq üçün yarışarlar. Allah qəflət içində dünya nemətlərinə sahib olmaq üçün sanki digər insanlarla yarışıb səy göstərənləri Quranda belə xəbərdar edir:

    Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin.  (Ali-İmran surəsi, 133)
    Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün bir-birinizi ötüb keçməyə çalışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür. Allah çox böyük lütf sahibidir! (Hədid surəsi, 21)
Axirət yurdunun varlığını qavraya bilməyən qafil insanların ortaq xüsusiyyəti dünyada razı qalmaları üçün yer və imkanlara sahib olmalarıdır. Bunu böyük bir həvəslə arzulayarlar. Lakin əldə etdikləri bütün bu dəyərlər onları zənn etdikləri kimi xoşbəxt edib dərd və kədərsiz yaşamalarını təmin etməz. Çünki dünya həyatında sahib olunan hər şey köhnəlib çürüyər və  yox olar. Buna insanın öz vücudu da daxildir. Bu səbəblə, qəflət içindəki insanlar sevdikləri və dəyər verdikləri şeylərə zərər gələcəyi qorxusu ilə davamlı narahat yaşayarlar. Özlərinə qısa bir müddətdən başqa heç bir fayda verməyən bu dəyərlərə qarşı insanlar Quranda belə xəbərdar edilirlər:
    Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir, axirət isə əbədi yurddur! (Mömin surəsi, 39)
    Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır.  (Ali-İmran surəsi, 14)
Quranda insanlara dünya nemətlərinin keçici olduğu, əsl nemətlərin axirətdə olduğu bu ayələrlə açıq şəkildə bildirilmişdir.
Bu dünyanın keçiciliyinin fərqində olmaq qəflət içində olan bir insanın qəflətdən xilas olmasına vəsilə olar. İnsan keçici fayda verən dünya nemətlərinə olan coşqulu istəklərdən təmizlənər, sonsuz gözəllikdəki cənnət nemətlərini və Allahın rizasını qazanmağa yönələr. Allah Quranda bu hökmünü belə bildirir:
    Həqiqətən, yaxşı əməl və itaət sahibi olan möminlər Nəim cənnətlərində olacaqlar. Onlar taxtlar üstündə tamaşa edəcəklər. Sən onların üzlərində cənnət sevinci görəcəksən! Onlara möhürlü şərab içirdiləcəkdir. Onun möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar! (Mutəffifin surəsi, 22-26)

Комментариев нет:

Отправить комментарий